Arif Rəhimoğlunun tərcümeyi-halı və əsərləri

Rəhimov Arif Rəhim oğlu (Arif Rəhimoğlu). 1955-ci ildə Naxçıvan şəhərində doğulmuş, 1972-ci ildə Naxçıvan şəhər 1 № li orta məktəbini, 1977-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini, 1984-cü ildə Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasını bitirmişdir. 1985-ci ildə “Mahmud Kaşğarinin “Divanu luğat-it türk” əsərinin leksikası və Azərbaycan dili” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1977 – 1980-ci illərdə Babək rayon Vayxır kənd orta məktəbində müəllim, 1980 – 1990-cı illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim və baş müəllim, 1997 – 2002-ci illərdə “Naxçıvan” Özəl Universitetində dosent işləmişdir. Azərbaycan Xalq Cəbhəsinin (özəlliklə də, AXC Naxçıvan Muxtar Respublika təşkilatının) yaradılmasında geniş fəaliyyət göstərmiş, AXC-nin Məramnamə və Nizamnaməsinin müəlliflərindən biri olmuş, təşkilatın Naxçıvan MR üzrə öncə sədr müavini, sonra sədri, daha sonra isə AXC Sədrinin İdeoloji işlər üzrə müavini və AXC İdeologiya şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1998 – 2003-cü illərdə öncə Bütöv Azərbaycan Birliyi (BAB) Sədrinin İdeoloji işlər üzrə müavini, sonra isə BAB Mərkəzi Şurasının sədri işləmişdir. Hələlik hamısı çap edilməsə də, 20 kitab və 250-dək elmi məqalə müəllifidir. 8 kitabın redaktoru olmuş, Sona Rəhimova ilə birgə bir əsəri (İnqvar Karlson və Anna-Mariya Lindqren. Sosial-demokratiya nədir? İdeyalar və girişimlər haqqında kitab. Yöteburq, 2008) İsveçcədən Azərbaycan Türkcəsinə tərcümə etmişdir. 2003-cü ilin sonlarında İsveçə mühacirət etmişdir və hazırda Yöteburq şəhərində yaşayır. Evlidir, altı övladı, dörd nəvəsi vardır.

Arif Rəhimoğlunun əsərlərindən