Eluca Atalının tərcümeyi-halı

Eluca Atalı (Hüseynova Mədinə İxtiyar qızı) 1966-cı il 19 noyabrda Azərbaycan Respublikasının Neftçala rayonu­nun Xolqaraqaşlı kəndində doğulub.

Asif Ata Ocağının Övladıdır, Asifçilik əqidəsinə sahib­dir. Azərbaycan Yazıçılar Birliyinin və İrak-Türkmən Yazarlar Birliyinin fəxri üzvüdür.

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirib və “Azərbaycanda kitabşünaslıq: yaranması, inki­şafı, müasir mərhələ və perspektivləri” adlı namizədlik dissertasiyasını  müdafiəyə hazırlayıb.

On iki yaşından şeir yazmağa başlayıb, ədəbiyyata yeni — fəlsəfi-bədii-miniatür janrını gətirib və bu janrda, həmçinin hekayə, esse, mənsur şeir, publisistika janr­ların­da yüzlərlə əsəri öz vətənində və xaricdə çap olunub və başqa dillərə tərcümə edilib.

Dünya, həyat, insan və onların ətrafında baş verən hər bir hadisə onun mövzusudur. Əqidəsini qəbul etdiyi Asif Atanın ”İnsan dəyişməsə, dünya dəyişməz” fikrini əsas götürüb, insanın özünü kamilləşdirməsində ona mane olan naqislik və nöqsanlarını bədiiyyat vasitəsi ilə təhlil edir. Ən çox ilham aldığı təbiət və uşaqlardır. ”Təbiət və uşaqlar mənə mövzu verməkdə heç usanmırlar, mənsə, onları özümdən küsdürməmək üçün yazıram!” – deyir.

“Adamdan üstün” (azırbaycan və türk dillərində: Bakı, Ankara),  “Paşa Qəlbi­nur: bib­lio­qrafiyası” (azərbaycan, rus, ingilis dillərində: Bakı), “Atilla­­nın açıq pəncərəsi”(rus dilində: Bakı),  “Qum üstündə sərçə­lər”, “Milli monoloq”, Gecikmiş oyuncaq”,  “Bir udum azadliq”,  ”Kərküklülər – təklənmiş türklər” ictimai-siyasi məqalələr toplusu (azərbaycan, türk dillərində: Bakı, İstanbul), ”Atlara güllə atmayın” (türk dilində: İstanbul) “Azadlıq hekayələri”(türk dilində: İstanbul), “Tiqranizm Xocalıda” (azərbaycan, türk dillərində: Bakı, İstanbul), “Özünü gətir” (özbəkcə: Daşkənd), “Yad dildə azadlıq nəğməsi” , “Heykəllər niyə danışmır?” (ingilis dilində, Amerika), “Nalşəkilli mühasirə” (Bakı), “Hilal taktigi” (İstanbul), “Qan gözündə Ay” (qaraqalpak, Qaraqalpaq Respublikas), “Xoş gəldin, Ayrılıq” (Benqal, Hindistan)  kitabları çap olunub. ”Qız və quzğun” povestini, “Ruhu ilə oynayan qadın”, “Müharibədə qalib yoxdur” romanları, ”Ağ gəminin kapitanı” uşaq romanını, ”İran hizbullah zindanın­da” Xomeyni və xomeynizmdən bəhs edən roman yazıb.

KIBATEK – 49 ölkənin ədəbiyyat araşdırmaçılarını, şair və yazarlarını əhatə edən qurumun hər il bir ölkənin yazar və şairinə verdiyi Türk Dünyasına xidmət ödülünü 2020 – ildə Eluca Atalıya layiq görmuşdü.

2017-ci ildə Irak – Türkmən Ədəbiyyatçılar Qurumundan Qələm Ustası mükafatı verilmiş.

Hal-hazırda İsveçdə yaşayır, evlidir, işləyir, bədii yaradıcılıq və jurnalistika ilə ciddi  məşğuldur.

Eluca Atalının əsərlərindən